Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək

Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək Qara Dəniz Enerji Kabelinin (Black Sea Energy) tikintisi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq.
Energetika
4 Sentyabr , 2024 12:03
Burduja: Qara Dəniz Enerji Kabelinin tikintisi ən azı 3,5 milyard avroya başa gələcək

Qara Dəniz Enerji Kabelinin (Black Sea Energy) tikintisi üzrə texniki-iqtisadi əsaslandırma (TİƏ) noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təqdim olunacaq.

"Report" xəbər verir ki, bu barədə Rumıniya mətbuatı ölkənin energetika naziri Sebastian-İoan Burdujaya istinadən məlumat yayıb.

“Qara Dəniz Enerji Kabeli layihəsinin TİƏ-si noyabrda Bakıda keçiriləcək COP29-da təqdim olunacaq. Marşrutlarımız, mənbələrimiz nə qədər çox olarsa, enerji də bir o qədər ucuz olar. Regionumuzdakı Avropa dövlətlərinin Qafqaz bazarı kimi tamamilə fərqli bazardan enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın şaxələndirilməsinə və enerjinin daha da ucuzlaşmasına gətirib çıxaracaq”, - o bildirib.

Nazir xatırladıb ki, sentyabrın 3-də Buxarestdə dörd ölkənin enerji operatorları - Azərbaycanın “Azərenerji” SC, Rumıniyanın “Transelectrica SA”, “Gürcüstan Dövlət Elektrik Sistemi” və Macarıstanın MVM arasında layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin yaradılmasına dair səhmdar sazişi imzalanıb.

“Bu, ucuz layihə deyil, biz onun dəyərini TİƏ hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağını bilirik”, - o qeyd edib.

S. Burduja bildirib ki, layihəyə fiber-optik rabitə kabelinin çəkilməsi komponenti də daxildir. “TİƏ-nin hazırlanması çərçivəsində dörd ölkəni birləşdirəcək, məlumat axınının yaxşılaşdırılmasına və regionun rəqəmsallaşmasına dəstək verəcək bu komponentin həyata keçirilməsi imkanları qiymətləndiriləcək”, - nazir əlavə edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1 QVt, uzunluğu 1 195 km-dir.

Kabel 3-4 il ərzində çəkiləcək. Avropa Komissiyası bu layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Son xəbərlər

Orphus sistemi