Bu il “Şahdəniz” yatağından 7,4 mlrd. kubmetr qaz hasil edilib

Bu il “Şahdəniz” yatağından 7,4 mlrd. kubmetr qaz hasil edilib Yataqdan qaz hasilatının həcmi ötən ilin müvafiq dövründən 7,5% az olub
Energetika
20 Noyabr , 2017 13:04
Bu il “Şahdəniz” yatağından 7,4 mlrd. kubmetr qaz hasil edilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu ilin ilk üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensat yatağından 7,4 mlrd. kubmetr qaz və 1,7 mln. ton (təqribən 14 mln. barel) kondensat hasil edilib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı məlumatda qeyd edilib.

Hesabat dövründə yataqdan qaz hasilatınım həcmi ötən ilin müvafiq dövründən 7,5%, kondensat hasilatının həcmi isə 10,5% azalıb.

Bildirilir ki, mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 mln. (ildə təqribən 10,9 mlrd.) kubmetrdir.

“III rübdə “Şahdəniz Mərhələ 1”-in mövcud platformasında (“Alfa”) SDA10 quyusu tamamlanıb və istismara təhvil verilib. SDA11 quyusunda isə qazma işləri bərpa olunub və bu işlər hazırda davam edir. 2017-ci il sentyabrın ortasınadək “İstiqlal” qazma qurğusu yatağın qərb cinahında ilk quyunu - SDD01 quyusunu tamamlayıb. Bunun ardınca SDD02 quyusunda tamamlanma işləri başlanıb və bu işlər hazırda davam edir. “Maersk Explorer” qazma qurğusu isə SDF02 quyusunun məhsuldar lay hissəsini qazmaqda davam edir. Bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində yatağın şimal cinahında dörd quyunu, qərb cinahında isə bir quyunu tamamlayıb və 9 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.