Bu il Bakıda sənaye istehsalı 1% artıb

Energetika
  • 01 noyabr, 2018
  • 12:05
Bu il Bakıda sənaye istehsalı 1% artıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% artaraq 31,2 mlrd. manat təşkil edib.

“Report”un Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 82,5%-i mədənçıxarma, 15,5%-i emal, 1,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 84,8% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1%, xidmətlərin göstərilməsi isə 9,9% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin 1 oktyabr vəziyyətinə 277,3 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 31,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub.