Bu il Bakı-Ərzurum kəməri ilə 6,6 mlrd. kubmetr qaz nəql olunub

Bu il Bakı-Ərzurum kəməri ilə 6,6 mlrd. kubmetr qaz nəql olunub
Energetika
14 Dekabr , 2017 17:02
Bu il Bakı-Ərzurum kəməri ilə 6,6 mlrd. kubmetr qaz nəql olunub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 6 626,4 mln. kubmetr qaz nəql olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövründən 0,31% azdır.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə nəql Azərbaycanın magistral qaz kəmərləri ilə hesabat dövründə nəql olunan həcmin 33,4%-ni təşkil edib.

Belə ki, ilk 11 ayda magistral qaz kəmərləri ilə 19 857,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1% artım müşahidə olunub.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.