Yuxarı

Bu il "Azəri-Çıraq-Günəşli" layihəsinə 1,3 mlrd. dollar xərclənib

İlk yarımillikdə AÇG-də gündəlik orta hasilat 641 min barel olub

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə təqribən 359 mln. ABŞ dolları əməliyyat və 949 mln. dollar əsaslı məsrəflər xərclənib. "Report" xəbər verir ki, bu barədə layihənin operatoru olan "BP-Azerbaijan" şirkətinin yaydığı hesabatda deyilir.

Hesabata görə, birinci yarımildə AÇG-də stabil hasilat davam edib. AÇG-dən ümumi hasilat gündə orta hesabla 641 min barel və ya ümumilikdə 116 mln. barel, yəni təqribən 16 mln. ton təşkil edib. Hasilat "Çıraq" platformasında 55 min, "Mərkəzi Azəri" platformasında 157 min, "Qərbi Azəri" platformasında 107 min, "Şərqi Azəri" platformasında 71 min, "Dərinsulu Günəşli" platformasında 145 min və "Qərbi Çıraq" platformasında 106 min barel olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq "BP-Azerbaijan" may ayında "Qərbi Azəri" platformasının planlaşdırılmış dayandırılması proqramını (22 günlük) həyata keçirib. 

Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 87 neft hasilat quyusu və 40 qaz və su injektor quyusu istismarda olub.

Hesabatda deyilir ki, 2015-ci ilin birinci yarısında AÇG-də 9 neft hasilat quyusu və 1 suvurma quyusu qazılıb.

Hesabat dövründə AÇG-dən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 11,4 mln. kubmetr, ümumilkdə isə 2,1 mlrd. kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Qeyd edək ki, AÇG-də operator kimi BP-nin payı 35,8%-ə bərabərdir. Burada SOCAR-ın 11,6%, "Chevron"un 11,3%, "Inpex"in 11%, "Statoil"un 8,6%, "Exxon Mobil"in 8%, TPAO-nun 6,8%, "Itochu"nun 4,3%, OVL-in 2,7% payı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi