Bu il Azərbaycan təbii qaz ixracından qazancını 4,5 dəfə artırıb
- 16 iyun, 2022
- 07:11
Bu ilin yanvar-may ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyard 458 milyon 060 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin 5 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 5 milyard 994 milyon 794 min ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin yanvar-may aylarındakı dövründən 3,1 %, dəyəri isə 4,5 dəfə çoxdur.
Bu ilin yanvar-may aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 38,89 % olub.
Ötən 5 ayda xarici ticarət dövriyyəsinin 15 milyard 416,51 milyon ABŞ dolları ixracın, 5 milyard 135,56 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 16,9 % artıb.