Bu il Azərbaycan İsrailə neft satışını 67 %-dən çox artırıb
- 22 mart, 2024
- 05:35
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan İsrailə 884 min 332,85 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 527 milyon 533,57 min ABŞ dolları təşkil edib.
Ötən iki ay ərzində Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-fevral göstəriciləri ilə müqayisədə 67,18 %, dəyəri isə 59,12 % çoxdur.
2023-cü ilin ilk iki ayında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 19,25 % olub.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 595 min 490,11 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən iki ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 826 milyon 058,64 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb.