Bu il Azərbaycan İsrailə neft satışını 55 % artırıb
- 19 iyul, 2024
- 08:35
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İsrailə 1 milyon 583 min 289,20 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 989 milyon 074,03 min ABŞ dolları təşkil edib.
Ötən 6 ay ərzində Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-iyun göstəriciləri ilə müqayisədə 55 %, dəyəri isə 56,67 % çoxdur.
Bu ilin ilk 6 ayında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 14,27 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyon 098 min 802 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 7 milyard 012 milyon 104 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 21 milyard 768,18 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 12 milyard 901 milyon ABŞ dolları ixracın, 8 milyard 867,2 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,2 % azalıb, idxal isə 8,2 % artıb.