Qazanxanaların qaz təchizatı dayandırılıb
- 26 aprel, 2020
- 15:47
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu gündən qazanxanaların qaz təchizatını dayandırıb.
"Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov "Report"a bildirib ki, bu addım “Azəristiliktəchizat” ASC-dən daxil olan telefonoqram əsasında atılıb.
"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar “Azəristiliktəchizat” ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub", - o qeyd edib.
Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.