BTC xərclərini azaldıb

Energetika
  • 04 avqust, 2022
  • 08:52
BTC xərclərini azaldıb

Bu ilin I rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 49 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 9 milyon ABŞ dolları xərclənib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2021-ci ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 28,9 % azalıb.

Ötən yarım ildə illik müqayisədə əsas ixrac boru kəmərinin əsaslı xərcləri isə 25 % azalıb.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin ikinci rübünün sonuna qədər bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 516 milyon tondan çox (3,87 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 087 tankerə yüklənərək dünya bazarlarına göndərilib.Bu, bir il əvvələ nisbətən 5,74 %  və 6,1 % çoxdur.

İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 14,1 milyon ton (təxminən 107 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 148 tankerə yüklənib və yola salınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,5 % və 8 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, "BTC Ko"nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Son xəbərlər

Bütün Xəbər Lenti