​Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

​Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb Ötən ay kəmərlə nəql olunan Azərbaycan neftinin həcmi 10% çoxalıb
Energetika
8 İyun , 2016 15:06
​Bakı-Ceyhan kəməri ilə Azərbaycan neftinin nəqli artıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 625 235 ton Azərbaycan nefti nəql olunub. 

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin may ayından 10% artıqdır.

Cari ilin yanvar-may aylarında bu kəmərlə 12 440 802 ton neft ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 4% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il iyunun 1-dək BTC-yə 305 116 191 ton neft vurulub.

Bundan başqa, 2016-cı ilin may ayında BTC kəməri ilə 404 436 ton Türkmənistan nefti nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. BTC boru kəməri ilə Azərbaycandan əsasən "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşınır.

Son xəbərlər

Orphus sistemi