Britaniyalı baronessa və Bolqarıstanın energetika naziri Bakıya gələcək

Britaniyalı baronessa və Bolqarıstanın energetika naziri Bakıya gələcək Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson və Bolqarıstanın Energetika naziri Temenuşka Petkova bu ay Bakıya gələcəklər.
Energetika
11 Fevral , 2020 12:31
Britaniyalı baronessa və Bolqarıstanın energetika naziri Bakıya gələcək

Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson və Bolqarıstanın Energetika naziri Temenuşka Petkova bu ay Bakıya gələcəklər.

Bu barədə “Report”a açıqlamasında Azərbaycanın energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, fevralın 28-də Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclasında iştirak edəcək qonaqların artıq adları məlumdir: “Artıq Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin və Bolqarıstanın Energetika nazirinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclasında iştirakı təsdiqlənib".

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 28-də, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də baş tutub. “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

Avropaya yeni mənbədən-ilk dəfə olaraq Xəzərdən təbii qaz 2020-ci ilin ikinci yarısında "Cənub Qaz Dəhlizi" vasitəsilə çatdırılacaq. 

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb.

Avropaya qaz veriləcək Faza-1 adlandırılan hissənin (Əskişəhər-Ədirnə -Avropaya qədər olan hissə) isə diametri 48 düym, uzunluğu 476 km-dir.

Son xəbərlər

Orphus sistemi