BP TAP-dakı 20 %-lik qeyri-nəzarət payını "Apollo" fonduna satır

BP TAP-dakı 20 %-lik qeyri-nəzarət payını "Apollo" fonduna satır BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını qlobal aktiv fondu olan "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.
Energetika
16 Sentyabr , 2024 15:29
BP TAP-dakı 20 %-lik qeyri-nəzarət payını Apollo fonduna satır

BP Azərbaycandan Avropaya qazın tədarük edildiyi əsas Trans-Adriatik Qaz Boru Kəməriində 20 %-lik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın TAP-dakı qeyri-nəzarət payını qlobal aktiv fondu olan "Apollo"ya 1 milyard ABŞ dollara satmağa razılaşıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-də fəaliyyət göstərən "Apollo Global Management" (APO.N) məlumat yayıb.

BP-nin məlumatına görə, müqavilədən əldə edilən gəlir BP-nin nizamlı maliyyə çərçivəsinin bir hissəsi olan 2-3 milyard ABŞ dollarlıq digər gəlirlər hədəfinə töhfə verəcək. Sövdələşmənin, tənzimləyici orqanlar və tərəfdaşlar tərəfindən standart zəruri təsdiqləmələrin alınması şərti ilə, 2024-cü ilin dördüncü rübündə bağlanması gözlənilir.

“Biz investorlarımıza sabit pul vəsaitlərinin hərəkəti profilinə malik sənayenin aparıcı infrastruktur aktivinə uzunmüddətli çıxışı təmin edəcək saziş üzrə BP ilə tərəfdaşlıq etməkdən məmnunuq. Bu, BP-yə nəzarəti saxlamaq və kapitalın səmərəliliyi strategiyasını həyata keçirmək kimi məqsədlərinə nail olmaq imkanı verir”, - “Apollo”nun tərəfdaşı Lesli Mapondera bildirib.

"Biz Avropanın enerji infrastrukturunun bu əsas elementində "Apollo" ilə birləşməkdən çox məmnunuq. Vacib olan odur ki, yeni investor cəlb etməklə bu, BP-nin Azərbaycan qaz biznesi üçün strateji əhəmiyyətli aktivindəki rolunu azaltmır. Biz belə innovativ razılaşmaların yaradılmasında böyük potensial görürük və bu tərəfdaşlıq münasibətlərinin inkişafı vasitəsilə "Apollo" ilə gələcək imkanları araşdırmağa davam etməyi səbirsizliklə gözləyirik", - deyə BP-nin qaz və aşağı karbonlu enerji üzrə icraçı vitse-prezidenti Uilyam Lin açıqlamasında bildirib.

Bildirilir ki, son illər investisiya şirkətləri aktiv şəkildə Avropa qaz infrastrukturuna daxil olaraq operatorların paylarına sahib olurlar, çünki onların etibarlı və müntəzəm gəlir mənbəyi təklif etməyə imkanları var.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

TAP-ın hazırda illik tutumu təxminən 10 milyard kubmetr təşkil edir, lakin əməliyyatçı şirkət 2023-cü ilin yanvarında bildirib ki, məcburi tutum hərracı prosesindən sonra 2026-cı ildən etibarən boru kəmərinin tutumu əlavə 1,2 milyard kubmetr artacaq. TAP boru kəmərində əlçatan olan əlavə tutumun əksər hissəsi İtaliyanı təchiz etmək üçün istifadə olunacaq və İtaliya bazarına əlavə 1 milyard kubmetr qaz tədarük ediləcək. Qalan 0,2 milyard kubmetr qazın Albaniyaya çatdırılması gözlənilir.

TAP-dakı ilkin 10 milyard kubmetrlik illik tutum İtaliya (8 milyard kubmetr), Yunanıstan (1 milyard kubmetr) və Bolqarıstan (1 milyard kubmetr) üçün nəzərdə tutulmuşdu. Çox məhdud qaz tələbatına malik olan Albaniya əsasən elektrik enerjisi istehsalı və sənaye üçün qaz sektorunu inkişaf etdirməyi prioritet hesab edir. Albaniya 2016-cı ildə açıqladığı Qaz Master Planına əsasən, bir neçə qazla işləyən elektrik stansiyasının tikilməsi və 2040-cı ilə qədər ümumi qaz tələbatının ildə 2 milyard kubmetrə çatması planlaşdırılır.

Azərbaycanı Cənubi Avropa ilə birləşdirən Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP boru kəməri son nəticədə ildə 20 milyard kubmetrə qədər genişləndiriləcək və genişləndirilmiş tutum müntəzəm açıq mövsümlərdə təklif olunacaq. Aİ 2022-ci ilin iyulunda imzalanmış anlaşma memorandumuna əsasən 2027-ci ilə qədər Azərbaycandan ildə 20 milyard kubmetr qaz idxal edə biləcəyini bildirib.

Azərbaycanın Avropaya qaz ixracı 2023-cü ildə 11,8 milyard kubmetrə çatıb ki, bu da illik müqayisədə 3,5 % artım deməkdir. Türkiyəyə ixrac 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, “TAP A.G.” boru kəməri konsorsiumu səhmdarlarının payları aşağıdakı kimidir: BP (20 %), SOCAR (20 %), "Snam" (20 %), "Fluxys" (20 %) və "Enagás" (20 %) .

Son xəbərlər

Orphus sistemi