BP-nin vitse-prezidenti: "Şahdəniz" 25 il ərzində bütün ümidləri doğrultdu"

BP-nin vitse-prezidenti: "Şahdəniz" 25 il ərzində bütün ümidləri doğrultdu" Azərbaycanın təbii qaz ixracatçı kimi Avropa bazarına çıxmasına imkan yaradan "Şahdəniz" yatağı layihəsinin 25 ili tamam olur. Bu layihənin əhəmiyyəti, ötən müddət ərzində əldə olunan nailiyyətlər haqqında həmin layihənin operatoru BP şirkətinin Xəzər reg
Energetika
21 Dekabr , 2021 16:55
BP-nin vitse-prezidenti: Şahdəniz 25 il ərzində bütün ümidləri doğrultdu
Report.az

Azərbaycanın təbii qaz ixracatçı kimi Avropa bazarına çıxmasına imkan yaradan "Şahdəniz" yatağı layihəsinin 25 ili tamam olur. Bu layihənin əhəmiyyəti, ötən müddət ərzində əldə olunan nailiyyətlər haqqında həmin layihənin operatoru BP şirkətinin Xəzər regionunda kommunikasiyalar və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin “Report”a müsahibəsini təqdim edirik.

- “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 25 illiyi nə deməkdir? Bunun sizin şirkət və Azərbaycan üçün əsas əhəmiyyətini nədə görürsünüz?


- Hamımız bilirik ki, "Şahdəniz" Azərbaycanın ən böyük qaz layihəsidir. Lakin heç də hər kəs bilmir ki, "Şahdəniz" bir layihə olaraq qlobal neft və qaz sənayesinin indiyə qədər həyata keçirdiyi ən böyük və ən mürəkkəb işlərdən biridir. Hər ikisi doğrudur - bu, həqiqətən nəhəng bir yataqdır və möhtəşəm bir qaz işlənməsi layihəsidir. "Şahdəniz"in qısa tərifini verəsi olsaq, deyərik ki, bu, Azərbaycanın ən böyük qaz yatağıdır. Dünya enerji sənayesi baxımından isə "Şahdəniz" belə görünür - qlobal neft və qaz sənayesinin indiyə qədər həyata keçirdiyi ən böyük və ən mürəkkəb layihələrdən biridir. Hər ikisi doğrudur - bu, həqiqətən nəhəng bir yataqdır və möhtəşəm bir qaz işlənməsi layihəsidir.

"Şahdəniz"ə aid hər şey heyrətamizdir. 25 il əvvəl müqavilə imzalananda heç kim təxmin edə bilməzdi ki, cəmi üç il sonra, yəni 1999-cu ildə, bu layihə çərçivəsində dünyanın ən böyük qaz-kondensat yataqlarından biri kəşf ediləcək. İlkin geoloji ehtiyatlarına görə 1 trilyon kubmetrdən çox qaza və 2 milyard barel kondensata malik olan bu dünya səviyyəli yataq BP-nin 110 illik tarixində aşkar edilmiş ən böyük qaz yatağıdır.

Dünyada çox az layihə tapılar ki, bir ölkənin gələcəyini müəyyənləşdirmək və bir regionun enerji landşaftını dəyişmək gücündə olsun. "Şahdəniz" məhz bu cür layihələrdəndir. "Şahdəniz" layihəsi həm də "Azəri-Çıraq-Günəşli"dən (AÇG) sonra Azərbaycana qoyulan ikinci ən böyük birbaşa xarici sərmayədir. Bu da son iyirmi il ərzində ölkə iqtisadiyyatının daha da güclənməsinə ciddi bir dəstək olub. Hətta deyərdim ki, bu mənada "Şahdəniz" ölkənin və bütün regionun görünməmiş dirçəlişinə, inkişafına və artımına nəhəng təkan verərərək Azərbaycanın qürur duyulan enerji tarixində AÇG qədər rol oynayıb. Bu iki layihə birlikdə əslində ölkə tarixində yeni bir səhifə açaraq Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi iqtisadi dirçəlişin möhkəm təməlini qoyub.

"Şahdəniz"in 25-illiyi eyni zamanda tarixi bir hadisədir, çünki bu, Azərbaycanın təbii ehtiyatlarının ilk dəfə olaraq Avropa bazarlarına birbaşa çıxışı ilə əlamətdardır. Azərbaycan, demək olar ki, iki əsrdir, bütün dünya üçün neft və qaz hasil edir və faktiki olaraq, dünya neft sənayesinin beşiyidir, lakin ilk dəfədir ki, Avropaya birbaşa bağlanıb və bu, Cənub Qaz Dəhlizinin giriş qapısı olan "Şahdəniz"in sayəsində mümkün olub.
 

- Belə çıxır ki, nəinki layihənin Azərbaycan və region üçün əhəmiyyətindən danışmaq olar, o, bundan kənara çıxır?


-  Həqiqətən də, bu layihə təkcə ölkə və region üçün əhəmiyyətli deyil. Onun böyük qlobal əhəmiyyəti var. Prezident İlham Əliyev bir dəfə Cənub Qaz Dəhlizi haqqında dedi ki, o, Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün əlavə imkanlar açacaq. Bu sözlər eynilə bütün "Şahdəniz" layihəsinə aid edilə bilər - "Şahdəniz" bir çox ölkənin, xüsusən də regional enerji mərkəzi kimi Türkiyənin və Avropa İttifaqının bəzi ölkələrinin enerji qovşağına çevrilməsində mühüm rol oynayıb.

Bildiyimiz kimi, Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Buna görə də, Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Bu da Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən etibarlı enerji tərəfdaşına çevirir.

- BP dəfələrlə "Şahdəniz"in həmçinin Xəzərdə texnoloji bir sıçrayış olduğunu deyib. Bu texnoloji hadisə nədən ibarətdir?

- Həqiqətən də, "Şahdəniz"in Xəzərə gətirdiklərini texnoloji inqilab adlandırmaq olar, yəni texnologiya baxımından son nailliyyətlərə söykənən tam yenilikçi bir layihədir. Bu mənada onun sənaye üçün əhəmiyyəti əvəzsizdir. Xüsusən də, "Şahdəniz 2"də tətbiq edilən texnologiyalardakı çoxsaylı sənaye yeniliklərini nəzərdə tuturam. Məsələn, layihə çərçivəsində 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometrlik axın xətlərindən ibarət çox böyük bir sualtı hasilat sistemi quraşdıırılıb. Bundan əlavə, bu sualtı hasilat mərkəzində beş cinah boyunca özül konstruksiyalarından, çoxsaylı birləşmə və fittinqlərdən, idarəetmə xətti üçün nəzərdə tutulmuş sualtı elastik kabellərdən və üç ixrac boru kəmərindən istifadə olunur. Bu sualtı konstruksiyalar ən müasir texnologiyaya əsaslanır. Onlar dünyanın ən çətin və mürəkkəb qazma şəraitlərindən biri kimi tanınan "Şahdəniz" üçün məxsusi olaraq layihələndirilib və inşa edilib. Bu konstruksiyalar yataqdakı yüksək təzyiqlərin və axın sürətinin son dərəcə mürəkkəb xüsusiyyətlərinin öhdəsindən gəlmək gücündədir.

Digər bir misal kimi təzyiqə qarşı yüksək etibarlılıqlı qoruyucu klapanları (HİPPS) göstərmək olar. "Şahdəniz" yatağında dəniz dibində aktiv palçıq vulkanları və yumşaq qrunt kimi geoloji təhlükələr mövcuddur və bunlar da əməliyyatları son dərəcə çətinləşdirir. Dəniz dibinin altındakı geoloji mühit isə daha da mürəkkəbdir. Beləliklə, HİPPS sistemi dünyanın ən yüksək təzyiqlərindən birinə malik və dəniz səviyyəsindən altı kilometr aşağıda yerləşən yataqda bu çətinlikləri dəf edə bilir. Məsələn, HİPPS klapanı cəmi 15 saniyə ərzində bağlana bilir ki, bu da əməliyyatların təhlükəsizliyi üçün çox vacibdir.

"Şahdəniz"in qurudakı obyektlərində də bəzi unikal texnologiyalar tətbiq olunur. Səngəçal terminalındakı "Şahdəniz" qurğusu karbon tullantılarını azaltmağa kömək edən istiliyin utilizasiyası texnologiyasından istifadə edir və bu da təmiz ətraf mühit səylərinə ciddi dəstəkdir. Bu texnologiya fiziki olaraq kompressorların qaz turbinlərinə bərkidilmiş innovativ qurğulardan ibarətdir və bu qurğular qaz turbinindən çıxan işlənmiş qazı tutaraq təkrar emaldan keçirir və terminalı istiliklə təmin etmək üçün istifadə edir. Rəqəmlər baxımından bu texnologiya "Şahdəniz" qurğusunun illik emissiyalarını təxminən 110 000 ton CO2 azaldır. Müqayisə etsək, bu, Bakı ilə London arasında gündəlik iki reys olmaqla bir illik uçuşa bərabərdir.

Bunlar "Şahdəniz"in qlobal enerji sənayesində necə bir lider olduğunu göstərən sadəcə bir neçə nümunədir. Səmərəli şəkildə işləyən bir çox digər nümunələr də var və inanıram ki, zamanla daha çox nümunələr görəcəyik.
 

- Hazırda "Şahdəniz"də vəziyyət necədir?

- Biz həqiqətən də qürur duyuruq ki, bu gün "Şahdəniz"in uğur hekayəsi daha sürətlə və daha uğurlu şəkildə davam edir. Layihə regional və Avropa bazarlarına olan bütün öhdəliklərini yerinə yetirməyə qadirdir və çox yüksək iş icrası nümayiş etdirir. Pandemiyaya baxmayaraq, hasilat ən yüksək sabit səviyyəyə doğru möhkəm irəliləyir. İndi əsas diqqətimizi "Şahdəniz-2"də yeni cinahların işə salınması üçün qalan sualtı tikinti fəaliyyətlərinə və qazma proqramına yönəltmişik. Bir neçə ay öncə layihə 2021-ci ilə planlaşdırılan ən mühüm bir işi uğurla tamamladı – suyun 540 m dərinliyində yerləşən Şərq-Cənub cinahından hasilat başladı. Bunun üçün bütün işlər təhlükəsiz, qrafikə uyğun və planlaşdırılmış büdcə daxilində icra olundu və artıq üçüncü rübdə cinah tam hasilat səviyyəsinə çatdı. Bu cinahdan hasilat səviyyəsinin artması nəticəsində 2021-ci ilin iyul ayında ilk dəfə olaraq "Şahdəniz Bravo" platformasından gündəlik hasilat "Şahdəniz Alfa" ilə eyni səviyyəyə çatdı.

Hazırda "Şahdəniz" gündə təxminən 70 milyon standart kubmetr qaz hasil etmək gücündədir və bu da ildə 25 milyard kubmetrdən çox qaz deməkdir. Bu isə birinci və ikinci mərhələdən birlikdə ümumi sabit ən yüksək hasilat səviyyəsinə (yəni, illik 26 milyard kubmetr qaz və gündə 100 000 bareldən çox kondensat) yaxın olduğumuzu göstərir.

Gələcəyə nəzər salsaq, "Şahdəniz" üzrə hasilatın pay bölgüsü Sazişinin müddəti 2048-ci ilə qədər uzadılıb və bu, investorlara yatağın işlənməsini daha da genişləndirməyə, bu nəhəng yataqdakı perspektiv strukturlarda əlavə kəşfiyyat və qiymətləndirmə işləri aparmağa imkan verir. Beləliklə, "Şahdəniz" gələcək onilliklər ərzində də enerji təchizatına uğurla davam edəcək.
 

- "Şahdəniz"in 25-ci ildönümündə operator olaraq BP hansı hissləri keçirir?

- 25-ci ildönümündə "Şahdəniz"in ilk başlanğıcdan vəd etdiyi bütün gözləntiləri gerçəkləşdirdiyini gördükdə, biz dünya üçün mühüm əhəmiyyət daşıyan və Azərbaycan üçün böyük strateji önəmi olan bu möhtəşəm layihənin bir parçası olmağımızdan böyük qürur duyuruq. "Şahdəniz"in uğuru ona cəlb olunmuş bütün tərəflərin birgə nailiyyətidir və ən əsası da Azərbaycan hökumətinin və şəxsən Prezident İlham Əliyevin nailiyyətidir. Bu elə nəhəng miqyaslı və elə mürəkkəb bir layihədir ki, onu yalnız kollektiv şəkildə həyata keçirmək mümkün idi. Bu layihə yalnız Azərbaycan Prezidentinin, Azərbaycan hökumətinin, digər regional və Avropa hökumətlərinin, SOCAR-ın, digər milli və beynəlxalq təşkilatların, tərəfdaşların və podratçı şirkətlərin, icmaların, Cənub Qaz Dəhlizi boyunca bir çox ölkələrdə həyata keçirilən əməliyyatlara və tikinti işlərinə cəlb olunmuş on minlərlə insanın böyük səyləri sayəsində gerçəkləşib. Yəni biz operator olaraq, layihədə iştirakçı olan bu çoxsaylı tərəflərin dəstəyi olmadan bu böyüklükdə işi təkbaşına indiki səviyyəyə çatdıra bilməzdik. Birlikdə biz bu layihəni qlobal miqyasda bütün maraqlı tərəflərə fayda verən və gələcək uzun illər ərzində də faydalar gətirəcək ən uğurlu tərəfdaşlıqlarından biri etmişik.

Bu möhtəşəm layihə ona cəlb edilmiş bütün tərəflərin təcrübəsini və resurslarını bir araya gətirib və bu 25-ci uğurlu ildönnümündə dəstəyinə, tərəfdaşlığına və iştirakına görə onların hamısına təşəkkür edirik.

Son xəbərlər

Orphus sistemi