İqlim dəyişikliyi ilə bağlı siyasət sərtləşdirilməsə belə, neftə olan qlobal tələbat yaxın 30 il ərzində bərpa olunmaya bilər.
“Report” xəbər verir ki, bu barədə BP şirkətinin bu gün dərc olunan 2050-ci ilə qədər illik proqnozunda deyilir.
BP qarşıdakı 30 ildə energetika sənayesi üçün üç ssenari “görür”. “Sürətli” (Rapid) ssenari istehsalçılar üçün istixana tullantılarının qiymətini 2018-ci illə müqayisədə 70% artıracaq müvafiq tədbirlərin görülməsini nəzərdə tutur. “Sıfır” (Net Zero) ssenarisi yalnız iqlim siyasətinin sərtləşdirilməsini deyil, eyni zamanda enerji istifadəsi ilə bağlı sosial və istehlakçı davranışlarının dəyişməsini də nəzərdə tutur. Bu ssenaridə karbon tullantıları 2050-ci ilə qədər 95% azalmalıdır. "Adi" ssenari isə qlobal siyasətdə ciddi və kəskin dəyişikliklər olmadan mövcud tendensiyaların davamını nəzərdə tutur.
Hər üç ssenaridə də yaxın 30 ildə neftə tələbatın azalacağını proqnozlaşdırılır. Belə ki, “Adi” ssenaridə neft istehlakı 2050-ci ilədək 10%, “Sürətli”də 55%, “Sıfır” ssenari üzrə isə 80% azalacaq. Bununla yanaşı, tələbatın böhrandan əvvəlki səviyyədə bərpa olunmasını BP yalnız “Adi” ssenaridə gözləyirlər. Bu variant tələbatın yaxın bir neçə ildə düzələcəyini proqnozlaşdırır. Energetika sənayesinin inkişafı ilə bağlı digər iki ssenaridə tələbat daha heç vaxt COVID-19 pandemiyasından əvvəlki səviyyəyə qayıtmayacaq.
“Neftə tələbatın azalması avtomobil daşımalarının səmərəliliyinin və elektrikləşdirilməsinin artımı ilə əlaqədardır”, - BP-dən bildiriblər. Hər üç ssenaridə nəqliyyatda neft istehlakının pik nöqtəsi 2020-ci illərin ortalarına və sonlarına düşür. BP hesab edir ki, nəqliyyat istehlakında neftin payı 2018-ci ildəki 90%-dən çox olan səviyyədən 2050-ci ildə “Adi” ssenaridə təxminən 80%, “Sürətli”də 40% və “Sıfır”da 20%-ə düşəcək.