Bu gün BP yerli ali təhsil müəssisələrində fənlərarası münasibətlərin və ya fənlərarası inteqrativ tədrisin tətbiqinə yönəlmiş və bu yaxınlarda tamamlanmış bir təhsil layihəsini təqdim edib.
“Report”un məlumatına görə, layihənin əsas məqsədi “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı kitabın hazırlanması və nəşri idi.
Bu kitab Azərbaycanda fəaliyyət göstərən 40-dan çox ali təhsil müəssisəsinin rəhbər işçiləri, müəllim və professorları, doktorantları və magistrantları üçün nəzərdə tutulub.
Fənlərarası termini bir neçə fundamental fənnin və ya ənənəvi tədris sahəsinin metod və özül biliklərini birləşdirərək istifadə edən tədqiqatlara aid edilir. Başqa sözlə, fənlərarası münasibətlər və ya fənlərarası inteqrativ tədris çoxsaylı akademik fənni bir fəaliyyətdə birləşdirir.
Kitabda qlobal problemlərdən irəli gələn mürəkkəbliyin bütün aspektlərini tam dərk etməyə imkan verəcək yeni fənlərarası münasibətlərin inkişaf etdirilməsinin vacibliyi vurğulanır. Yeni fənlərarası əlaqələr yeni metodologiya əsasında fənlərarası biliklər yaratmaqla formalaşır.
BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli inanır ki, bu kitabı nəşr etməklə çətin yerli və qlobal problemlərin həlli, eləcə də mürəkkəb mövzuların başa düşülməsi və irəli aparılması üçün intellektual resursların və biliklərin sərhədləri silərək bir araya gətirilməsinin qaçılmazlığını vurğulamış olur: “Bu cür yanaşma müxtəlif fənləri və təcrübəni bir araya gətirməyə və inteqrasiya olunmuş yeni biliklər yaratmağa imkan verir. Ümid edirik ki, bu, öz növbəsində ümumi təhsil potensialını artırmağa və dəyişən dünyanın problemlərini həll etməyə qadir yüksək keyfiyyətli mütəxəssislər və səriştəli işçi qüvvəsi ilə bazarı təmin etməyə şərait yaradacaq”.
Kitabda yeni biliklərin yaradılması ilə əlaqədar metodoloji çağırışlardan da bəhs edilir, həmçinin yeni biliklərin təhsil strategiyası və siyasətinə, beynəlxalq iqtisadi rəqabətə, əməkdaşlığa və qloballaşmaya təsiri təsvir edilir, eləcə də biliklərin dəyişən mahiyyəti, müxtəlif elm, araşdırma və inkişaf sahələrinin sosial baxımdan tədqiqi, habelə sosial, iqtisadi və texnoloji inkişaf arasındakı qarşılıqlı əlaqə izah edilir.
Kitabın müəllifləri Manuela Harqasner-Delpos, İlqar Orucov və Ruslan Rəhimlidir.
Layihə “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Ümumi dəyəri təxminən 79 300 manat (46 658 ABŞ dolları) olan bu layihənin müddəti bir il (2023-cü ilin fevralından 2024-cü ilin fevralına qədər) idi.