"BP-Azerbaijan": AÇG-dən hasilatın həcmi ilə bağlı SOCAR-la danışıqlar aparılır

"BP-Azerbaijan": AÇG-dən hasilatın həcmi ilə bağlı SOCAR-la danışıqlar aparılır Bunu şirkətin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib
Energetika
1 Dekabr , 2016 13:10
BP-Azerbaijan: AÇG-dən hasilatın həcmi ilə bağlı SOCAR-la danışıqlar aparılır

Bakı.1 dekabr. REPORT.AZ/ Gələn il üçün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasilatın həcmi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar aparılır. "Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib. 

Onun sözlərinə görə, illik iş planı və büdcə sənədi təsdiq olunmaq üzrədir: "Bu il üçün AÇG-dən hasilatın ötən ilki səviyyədə saxlanılması nəzərdə tutulub. Keçən il hasilat 634 min barel/gun olub. Bu il isə ondan bir qədər aşağı - 630 min barel/gun nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, xərclər əhəmiyyətli dərəcədə azalıb, xərclərin azalmasına baxmayaraq, hasilatın bu səviyyədə saxlanılması böyük nailiyyətdir". 

"BP-Azerbaijan" rəsmisi qeyd edib ki, gələn il hasilatın 2015-2016-cı il səviyyəsində saxlanılması olduqca çətindir: "Çünki yataq özü yaşlanır. Yeni qazılacaq quyuların verimliliyi aşağıdır və investisiyalar tələb olunur. Sazişin müddətinin uzadılması ilə bağlı məsələlər həll edildikdən sonra yeni investisiyalar lazım olacaq ki, o investisiyalarla hasilatı müəyyən qədər saxlamaq mümkün olsun. Gələn ilin hasilatı ilə bağlı rəqəm dəqiq bilinməsə də, deyə bilərəm ki, builki səviyyədə saxlamaq çox çətindir".

Qeyd edək ki, AÇG-dən neft hasilatı 2015-ci ildə 31,3 mln. ton təşkil edib. 

AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. AÇG layihəsində BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "İnpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "İtochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi