Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təbii qaz ticarəti üçün lisenziyanın verilməsi məsələsini müzakirə etmək üçün açıq iclas keçirəcək.
“Report” Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, daha əvvəl Bolqarıstanın Enerji və Su Təsərrüfatı Tənzimlənməsi Komissiyasının (KEWR) sədri İvan İvanov SOCAR-ın bu lisenziyanı almaq üçün heç bir maneənin olmadığını bildirib.
"Bununla da tədarükün təhlükəsizliyi yaxşılaşacaq, eləcə də regionun digər ölkələri üçün tədarükün şaxələndirilməsi təmin ediləcək. Eyni zamanda, bu, Bolqarıstan tərəfindən irəli sürülən və Avropa Komissiyasının dəstəklədiyi “Həmrəylik halqası" təşəbbüsünün həyata keçirilməsi olacaq. Bu, regionun digər ölkələrinə təbii qaz nəqli üçün mənbə-ölkə kimi rolumuzu daha da gücləndirir”, - İ.İvanov bildirib.
O vurğulayıb ki, SOCAR və “Bulgargaz” şirkətləri arasında imzalanmış uzunmüddətli müqaviləyə əsasən Azərbaycan hər il Bolqarıstana bir milyard kubmetrə yaxın qaz tədarük edəcək.