Azərbaycanda dekarbonizasiya tədbirləri çərçivəsində ilk Aşağı Karbonlu Hidrogen üzrə Milli Strategiya hazırlanacaq ki, buna uyğun olaraq "boz" hidrogenin "yaşıl" hidrogenlə əvəz edilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda artıq uzun müddətdir ki, "boz" hidrogen (təbii qazın parçalanması nəticəsində karbon və hidrogen əldə edilir) istehsal olunur və bu, neft emalında benzin və dizelin təmizlənməsi üçün istifadə olunur.
"Hazırda neft emalı zavodunda "boz" hidrogenin istehsalı üçün yeni qurğular istifadəyə verilib ki, bunun sayəsində də bu məhsulun istehsalı artıb. Bir çox neft-qaz şirkətləri dekarbonizasiya yolunda "boz" hidrogeni "yaşıl" hidrogenlə əvəz etmək imkanını nəzərdən keçirirlər. Təbii ki, "yaşıl" hidrogenin qiyməti daha yüksəkdir, lakin ekoloji baxımdan istehsal daha təmiz olacaq, yəni CO2 emissiyası azalacaq", - deyə R.Hümbətova qeyd edib.
BOEMDA-nın direktor müavini Beynəlxalq Enerji Agentliyinin hesabatına istinad edərək qeyd edib ki, dünyada 12 milyon insan birbaşa neft-qaz sektorunda çalışır.
"Dekarbonizasiya və enerji keçidi yolunda bu əməkdaşların yenidən ixtisaslaşdırılmaya ehtiyacı var. Neft-qaz sənayesi onlara belə imkanlar təqdim edə və geotermal enerji, karbonun utilizasiyası və saxlanması kimi yeni ixtisaslar aça bilər", - deyə R. Hümbətova əlavə edib.