Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq iki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biridir. Hər şey 2013-cü ildə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qazın 1 milyard kubmetr həcmlə Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) və 1 oktyabr 2022-ci ildə istifadəyə verilmiş Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) vasitəsilə Bolqarıstana tədarükü haqqında sazişin imzalanması ilə başlayıb.
Ötən il ölkələr STRİNG (Həmrəylik halqası) təşəbbüsünün həyata keçirilməsi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstan paytaxtı Sofiyada ofisinin açılması ilə enerji sektorunda əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib. Bundan əlavə, Bolqarıstan Xəzər dənizi-Qara dəniz-Avropa (Black Sea Energy) “yaşıl” enerji dəhlizinin salınması layihəsində iştirak etmək arzusunu ifadə edib.
Bu il Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri çərçivəsində SOCAR Bolqarıstanın “Asarel Investment” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənədə əsasən, SOCAR və “Asarel Investment” Azərbaycan şirkətinin Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını birgə öyrənəcək.
Azərbaycan-Bolqarıstan biznes forumunda çıxış edən “SOCAR Balkany” şirkətinin rəhbəri Murad Heydərov qeyd edib ki, imzalanmış memorandum SOCAR-ın Bolqarıstanda biznesinin inkişafında daha bir addım olacaq.
“Hazırda Bolqarıstandakı mövcudluğumuzu genişləndirmək üzərində çalışırıq və son istehlakçılarla işləmək imkanlarını araşdırırıq. Bu məqsədlə Bolqarıstanda daxili qazpaylayıcı şəbəkəni inkişaf etdirməyi planlaşdırırıq”, - M.Heydərov təfərrüatlara varmadan söyləyib.
Beləliklə, açıq mənbələrə inanırsaq, Avropada kifayət qədər zəif qazpaylayıcı sistemə malik olan Bolqarıstan regionların qazlaşdırılması üzrə işləri intensivləşdirməyi planlaşdırır və bu məsələdə Azərbaycanın, daha dəqiq desək, SOCAR şirkətinin köməyinə ümid edir.
SOCAR da öz növbəsində Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarını birgə öyrənmək üçün “Asarel Investment”i tərəfdaş kimi seçib.
Burada təbii sual yaranır: Böyük maliyyə imkanlarına malik, lakin fəaliyyətlərinin xarakteri fərqli olan iki şirkəti nə birləşdirə bilər və onların əməkdaşlığı konkret nədən ibarət ola bilər?
Bu suallara cavab tapmaq üçün “Asarel Investment”i bir qədər araşdırmaq lazımdır və cavab özü ortaya çıxacaq...
“Asarel Investment” barədə nə məlumdur?
Rəsmi məlumata görə, “Asarel Investment” tamamilə milli mis istehsalının 50 %-dən çoxunu təmin edən, mis filizlərinin açıq üsulla çıxarılması və emalı üzrə Bolqarıstanın ən böyük və aparıcı şirkətinə – “Assarel-Medet” Səhmdar Cəmiyyətinə (SC) məxsusdur. Şirkət həm daxili, həm də xarici bazarlara yüksək keyfiyyətli mis konsentratı və mis katodlar təklif edir. Fəaliyyətin xüsusiyyətlərini (böyük mis mədəni, nəhəng misəritmə zavodu) nəzərə alsaq, “Assarel-Medet” SC-nin həm də filiz emalı proseslərində yanacaq kimi istifadə olunan qazın ən böyük istehlakçılarından biri olduğunu təxmin etmək çətin deyil. Lakin bu, SOCAR-la maraqların üst-üstə düşməsi üçün kafi səbəb ola bilməz. Odur ki, davam edirik.
Bolqarıstan şirkətinin layihələri portfelinə diqqətlə nəzər salsaq, qazlaşdırma məsələlərində SOCAR-ın niyə onun xeyrinə seçim etməsi ilə bağlı suala dərhal cavab tapmaq olar. Məlum olur ki, “Assarel-Medet” əsas profili olan dağ-mədən fəaliyyətləri ilə yanaşı, külək parkları, günəş elektrik stansiyaları, biokütlədən istifadə və müəssisələrin və Panaqyurişte bələdiyyəsinin qazlaşdırılması kimi sahələrdə də layihələr həyata keçirir.
Şirkət bələdiyyə və “Srednoqorye-Med” sənaye klasteri ilə birlikdə Panaqyuriştenin qazlaşdırılmasının iqtisadi qiymətləndirilməsini həyata keçirib və onu reallaşdırmağa hazırdır. Hazırda işin həyata keçirilməsi üçün uyğun tərəfdaş axtarışı aparılır.
Bu layihənin hazırlanmasından əvvəl şirkət “Assarel-Medet” qrupu, digər yerli şirkətlər və bələdiyyə obyektləri kimi potensial istehlakçıların ehtiyaclarını ödəmək üçün qazpaylayıcı şəbəkənin qurulması imkanlarını fəal şəkildə nəzərdən keçirirdi.
Çox güman, memorandumla bir-birinə bağlı olan SOCAR və “Asarel Investment” layihələrin sonrakı dəqiqləşdirilməsi ilə birlikdə Bolqarıstanın qazlaşdırma sahəsində birgə fəaliyyətlərinin imkanlarını qiymətləndirəcəklər.
Pilot layihə olaraq, onlar balacadan, məsələn, “Assarel-Medet” müəssisəsindən və ya birbaşa Panaqyurişte bələdiyyəsindən başlaya, gələcəkdə isə birgə fəaliyyətlərinin miqyasını genişləndirə bilərlər.
Belə layihənin həyata keçirilməsi SOCAR-a Bolqarıstanın enerji bazarında öz mövqeyini möhkəmləndirməyə və kommersiya iştirakını genişləndirməyə imkan verəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, SOCAR-ın artıq oxşar layihələrin həyata keçirilməsində (Gürcüstan nümunəsi) uğurlu təcrübəsi var.