Beynəlxalq agentlik: Azərbaycan dizelin ucuzluğuna görə MDB və Avropada 1-ci yerdədir

Beynəlxalq agentlik: Azərbaycan dizelin ucuzluğuna görə MDB və Avropada 1-ci yerdədir Ölkə dizelin ucuzluğuna görə, 167 dövlət arasında 9-cu yerdə qərarlaşıb
Energetika
131
24 Fevral , 2018 04:35
Beynəlxalq agentlik: Azərbaycan dizelin ucuzluğuna görə MDB və Avropada 1-ci yerdədir

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan dizel yanacağının qiymətinin ucuzluğuna görə dünyada ilk onluğa daxildir. Ölkə dizel yanacağının ucuzluğuna görə, dünyanın 167 dövləti arasında 9-cu yerdə qərarlaşıb.

"Report" xəbər verir ki, bu məlumatlar "Global petroleum prices" beynəlxalq reytinq agentliyinin sonuncu reytinqində yer alıb.

Agentliyin saytında qeyd olunur ki, Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 35 sentdir. Ölkə bu yanacaq növünün ucuzluğuna görə, Avropa və MDB dövlətləri arasında 1-ci yeri tutur.

Dizelin dünyada orta qiyməti 1 dollar 4 sent təşkil edir. Dünyada dizelin ən ucuz qiyməti Venesueladadır. 

Ən bahalı dizel isə İslandiyadadır. Bu ölkədə dizelin 1 litrinin qiyməti 2 dollar 2 sentdir.

Bundan başqa, reytinqə əsasən Azərbaycan ən ucuz benzinlə dünyada 167 ölkə arasında 24-cü yeri tutur. Dünyada benzinin orta qiyməti 1 dollar 15 sentdir. Bu siyahıya da Venesuela başçılıq edir. Bu ölkədə benzinin 1 litrinin qiyməti 1 sentdir.

Dünyada ən bahalı benzin İslandiyadadır. Bu ölkədə benzinin 1 litrinin qiyməti 2 dollar 10 sentdir.

"Global petroleum prices" beynəlxalq reytinq agentliyi hər ay ölkələrin yanacaq-sürtkü materiallarının ən aşağı qiymətləri ilə reytinqini təşkil edir. Analiz üçün yüksək oktan benzin və dizel yanacağının qiymətlərindən istifadə olunur. Reytinqdə dünyanın 167 ölkəsinin göstəriciləri təhlil edilir.

Agentliyin məlumatlarından Beynəlxalq Valyuta Fondunun, həmçinin analitik agentliklərin hesabatlarında istifadə olunur.  

Son xəbərlər

Orphus sistemi