Beynəlxalq Enerji Agentliyi (BEA) COVID-19 ilə bağlı yeni yoluxma hallarının yayılması və aviadaşımalardakı böhran fonunda 2020-ci ildə neftə olan tələbatın azalması üzrə proqnozu gündəlik 0,3 milyon barel azaldaraq 8,4 milyon barel/gün səviyyəsinə endirib.
“Report” xəbər verir ki, bu barədə BEA-nın sentyabr ayındakı hesabatında deyilir.
“Bir çox ölkədə COVID-19 ilə bağlı yeni hallarının yayılması, infeksiyanın yayılmasına qarşı mübarizə tədbirləri, məsafədən iş rejiminin saxlanması, eləcə də aviasiya sektorundakı problemlər tələbata olan proqnozumuzu 2020-ci ilin üçüncü və dördüncü rübləri üzrə 0,1 milyon barel/gün və 0,6 milyon barel/gün azaltmağımıza səbəb oldu. 2020-ci ilin yekununda tələbat 2019-cu ilə nisbətən gündəlik 8,4 milyon barel azalacaq ki, bu da əvvəlki hesabatda proqnozlaşdırılandan gündəlik 8,1 milyon barel çoxdur”, - sənəddə deyilir.
BEA mütəxəssisləri qeyd edirlər ki, pandemiyanın yaratdığı qeyri-müəyyənlik səngimir. Avropada ilin əvvəlinə nisbətən xəstəxanaya yerləşdirilən və ölənlərin sayı azalsa da, tətil mövsümü sona çatdığından yoluxanların sayında artım müşahidə olunur. ABŞ-da yeni yoluxma hallarının sayı azalır, Yaponiya və Koreyada vəziyyət yaxşılaşır. “Bununla belə, bir sıra ölkələrdə vəziyyət narahatlıq doğurur və yerli məhdudiyyətlərin yenidən tətbiq edilməsini müşahidə edirik - məsələn, Fransa və Britaniyada yenidən maska taxmaq icbari olub və kütləvi tədbirlər məhdudlaşdırılıb. Bütün bunlar iqtisadi fəallığa ciddi təsir göstərir”, - BEA-dan vurğulayıblar.
Eyni zamanda BEA 2021-ci ildə neftə olan tələbatın gündəlik 5,5 milyon barel artacağını gözləyir.
OPEC-ə üzv olmayan ölkələrin neft təkliflərinin 2020-ci ildə gündəlik 2,6 milyon barel azalacağı, 2021-ci ildə isə artım göstəricinini 0,5 milyon barel/gün səviyyəsində olacağı proqnozlaşdırılır.