​"Bank of America": Gələn il WTI markalı neftin qiyməti "Brent"i üstələyəcək

​"Bank of America": Gələn il WTI markalı neftin qiyməti "Brent"i üstələyəcək Orta Şərqdə neft hasilatının artması, ABŞ-da isə azalması gözlənilir
Energetika
54
4 Avqust , 2015 12:22
​Bank of America: Gələn il WTI markalı neftin qiyməti Brenti üstələyəcək

Bakı. 4 avqust. REPORT.AZ/ "Bank of America"nın xammal bazarları üzrə ekspertləri 2016-cı ildə Texas istehsalı olan WTI markalı neftin qiymətinin "Brent" tipli neftin qiymətini üstələyəcəyini proqnozlaşdırırlar.

"Report"un verdiyi xəbərə görə, buna səbəb Orta Şərqdə hasilatın artmağa başlaması və ABŞ-da hasilatın azalması göstərilib. İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması Orta Şərqdə neft təklifini artıracaq, ABŞ-da isə "Bakken" və "Eagle Ford" yataqlarında şist nefti hasilatının azalması ehtimal edilir. Nəticədə, Orta Şərqdə təklif edilən "Brent" markalı neftin qiyməti ucuzlaşacaq, WTI neftinin qiyməti isə bir qədər artacaq.

Qeyd edək ki, hazırda "Brent"in bir bareli WTI markalı neftdən 5 dollar baha satılır. Aşağıdakı qrafikdə "Brent" və WTI neft markalarının qiymətlərinin dəyişməsi əks olunub. Qrafikdən də göründüyü kimi, 2010-cu ilin əvvəlinə qədər WTI markalı neft "Brent"dən baha satılıb. Lakin daha sonra qiymətlər demək olar ki, bərabərləşib və 2011-ci ilin əvvəlindən "Brent" yenidən WTI neftindən baha satılıb. Bəzi hallarda bu fərq (spred) hətta 20 dollara qədər artıb. Buna səbəb Şimali Dakota və Kanadada hasil edilən WTI markalı neftin Kuşinq neft anbarlarını doldurması olub. Gələn ildən isə ABŞ neft anbarlarında ehtiyatlar bir qədər azala bilər.