Balkanların enerji təhlükəsizliyi artırılır

Balkanların enerji təhlükəsizliyi artırılır Yunanıstanın Aleksandropoli şəhəri yaxınlığında yerləşən, bu yaxınlarda yekun sərmayə qərarı verildiyi LNG terminalı İGB kəmərinin fəaliyyəti baxımdan mühüm əhəmiyyət daşıyır.
Energetika
2 Fevral , 2022 03:29
Balkanların enerji təhlükəsizliyi artırılır

Yunanıstanın Aleksandropoli şəhəri yaxınlığında yerləşən, bu yaxınlarda yekun sərmayə qərarının verildiyi LNG terminalı Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) kəmərinin fəaliyyəti baxımdan mühüm əhəmiyyət daşıyır.

Bu barədə “Report”a Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi ilə məşğul olan ICGB AD layihələndirmə şirkətindən bildiriblər.

“Yekun sərmayə qərarı terminalın tikintisinə başlamazdan son addımdır. LNG terminalı IGB kəmərilə qaz nəqli üçün daha geniş imkanlar yaratdığı üçün həmin kəmərin kommersiya fəaliyyəti baxımdan böyük əhəmiyyət daşıyır”, - şirkətdən qeyd ediblər.

Belə ki, strateji mövqeyə malik və LNG terminalına yaxın olan IGB kəmərinin tikintisi və fəaliyyətə başlaması Bolqarıstandakı istehlakçıların qaz təchizatında texnoloji üstünlük təmin etməklə regionun enerji xəritəsində bu ölkənin mövqeyini gücləndirəcək.

Bununla yanaşı, terminalın istismara verilməsilə IGB-nin daha çox yüklənməsinə, bununla da Cənub-Şərqi Avropa ölkələrinə daha çox təbii qaz nəqlinə şərait yaradacaq. Belə ki, IGB-nin illik ötürmə gücü 5 milyard kubmetrə çatdırılmaqla həmçinin əks istiqamətdə də qaz nəqli təmin olunur: “Bütün bunlar Bolqarıstandakı istehlakçılara ABŞ, Qətər, Əlcəzair kimi yeni mənbələrdən sərfəli qiymətə qaz tədarükünə şərait yaradacaq”.

Bundan əlavə Bolqarıstan hökumətinin qərarı ilə “Bulgargaz” milli operatoru LNG terminalından 3-5 il müddətə illik 300-500 milyon kubmetr həcmində ilkin sifariş verməklə bazarın yoxlanması əməliyyatında iştirak etməlidir. Eyni zamanda şirkət IGB vasitəsilə istehlakçılara sərfəli qiymətə LNG tədarükünə dair müqavilə imzalamaq öhdəliyini də götürüb.

Bununla yanaşı Balkanlara enerji daşıyıcıları tədarükünün şaxələndirilməsi və təhlükəsizliyi baxımdan həm IGB layihəsinin, həm də Aleksandropoli şəhərindəki LNG terminalının mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Hazırda IGB-nin Trans-Adriatik Qaz Kəməri (TAP), Trans-Anadolu Qaz Kəməri (TANAP) və Aleksandropoli LNG terminalı kimi layihələrlə sinerji şəklində inkişaf etməsi xüsusilə də Cənub-Şərqi Avropa regionunda çoxsaylı yeni bazarlara çıxış əldə etməyə imkan yaradır.

Yunanıstandan Bolqarıstana illik 3 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik IGB kəmərində kompressor stansiyasının quraşdırılması ilə bu həcm 5 milyard kubmetrədək artırıla bilər. Bu da bazarın maraq göstərəcəyi təqdirdə geri axın da həyata keçirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi