Bakı. 8 may. REPORT.AZ/ Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı istismara veriləndən indiyə kimi, təqribən, 91,7 mlrd. kubmetr qaz, 23 mln. ton neft hasil olunub.
“Report” xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində məqaləsində qeyd edib.
O bildirib ki, Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) ilə 61 mlrd. kubmetr qaz ixrac olunub.
“Azərbaycanın uzunmüddətli enerji siyasətinə Heydər Əliyevin digər böyük töhfəsi 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı imzalanmış saziş idi. Bu saziş dünyada qaz yataqlarına marağın az olduğu və enerji təhlükəsizliyi məsələsinin Avropa üçün xüsusi əhəmiyyət daşımadığı bir vaxtda imzalansa da, illər sonra aktuallıq qazanan enerji şaxələndirməsi, enerji təhlükəsizliyi kimi prioritetlərin burada necə uzaqgörənliklə proqnozlaşdırıldığını zamanla təsdiqlədi.
Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan həmin saziş sayəsində ölkəmiz qaz idxalatçısından ixracatçısına çevrildi. Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) qaz ixrac boru kəmərinin çəkilməsinə, bu kəmər əsasında yeni marşrutların tikilməsinə imkan yaratdı”,- nazir vurğulayıb.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.