Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 46 % artıb
- 15 noyabr, 2021
- 15:53
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 28 milyard 433 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 20,4 % artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 50,5 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 14 milyard 365 milyon kubmetr qaz ötürülüb. Bu, 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 45,8 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.