Bakı. 8 may. REPORT.AZ/ 1999-cu ildən indiyədək Bakı-Supsa kəməri ilə, təqribən, 84 mln. ton neft nəql edilib.
“Report” xəbər verir ki, bunu Azərbaycan energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində məqaləsində qeyd edib.
“1999-cu ildə istismara verilmiş Qərb (Bakı-Supsa) ixrac boru kəməri Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk xətt oldu.1999-cu ildən indiyədək təxminən 84 mln. ton neft nəql etmiş Bakı-Supsa kəməri təkcə ideya olaraq yox, möhtəşəm bir tarixi reallıq kimi də onun ərsəyə gəlməsində böyük qətiyyət göstərmiş Heydər Əliyevin əsəri idi”,- nazir bildirib.
Nazir qeyd edib ki, işlənmənin əvvəlindən (1997-ci il) indiyə kimi “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, təxminən, 455 mln. ton neft, 144,5 mlrd. kubmetr qaz hasil edilib.
Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə indiyə kimi ümumilikdə 359 mln.ton neft nəql olunub: “Bu kəmərin istifadəyə verilməsindən keçən 12 ildə qazanılmış nailiyyətlər də bir daha sübut edir ki, Heydər Əliyevin gələcəyə baxışı kimi BTC-nin iqtisadi və siyasi dividendləri çox böyükdür. BTC-nin Azərbaycan və ümumən region üçün kəsb etdiyi mahiyyət təkcə neft nəqli ilə məhdudlaşmır. Bu kəmər Xəzər dənizinin Qara dəniz və Aralıq dənizi ilə birləşdirilməsinin ilk və uğurlu təcrübəsi, simvoludur. BTC Azərbaycanı regionun lider dövlətinə çevirən, dünyanın bir çox dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulmasına və beynəlxalq enerji təhlükəsizliyi sisteminə xidmət edən qlobal bir layihədir. Bu kəmərin geosiyasi əhəmiyyəti kimi iqtisadi səmərəliliyi də böyükdür. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri ilə yalnız “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunmur, Qazaxıstan, Türkmənistan nefti də bu kəmər vasitəsilə nəql edilir”.