Bakı. 10 aprel. REPORT.AZ/ “Azərişıq” ASC-nin balansına verilmiş Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən külək elektrik stansiyalarında təmir-bərpa işləri aparılır".
“Report” xəbər verir ki, bunu Prezidentiİlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən səhmdar cəmiyyətinin sədri Baba Rzayev deyib.
Onun sözlərinə görə, almanların rəyinə baxmayaraq bu qurğular yayda istismara veriləcək: "Almaniyanın bu sahədə ixtisaslaşmış “Berlin VİND” şirkətinin mütəxəssislərinin rəyinə görə, həmin qurğuların ən yaxşı halda 18 aya istismara verilməsi bildirilsə də, tərəfimizdən ciddi tədbirlər görülməklə işlərin cari ilin avqustunda başa çatdırılması planlaşdırılır. Şəbəkəyə qoşulmalar əvvəllər 7 prosedur keçməklə 64 gün ərzində mümkün idisə, hazırda prosedurlar 3-ə endirilib və qoşulmalar 24 gün müddətində təmin olunur”.
“Azərişıq” rəhbəri həmçinin deyib ki, rəhbərlik etdiyi qurumda işçilərin əmək haqqı 2 dəfədən çox artırılıb: “Ötən müddət ərzində əməkdaşlarımızın iş şəraitinin yaxşılaşdırılması məqsədilə ən müasir texniki avadanlıqlarla təchiz olunmuş 29 ədəd ofis binası inşa edilib və işçilərin orta aylıq əməkhaqqı 320 manatdan 710 manata qədər artırılıb”.