Yuxarı
    Bağlamaq

    "Azəriqaz": Qazlaşdırma işləri mərhələli və tam şəffaf şəkildə həyata keçirilir

    Azəriqaz ölkə üzrə qazlaşdırma səviyyəsi barədə KİV-də yazılanlarla bağlı açıqlama yayıb

    Bakı. 21 aprel. REPORT.AZ/ "Son günlər bəzi KİV-də ölkə üzrə qazlaşdırma səviyyəsi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb". "Report" xəbər verir ki, bu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında qeyd olunub.

    İctimaiyyətin düzgün məlumatlandırılması üçün SOCAR-ın “Azəriqaz” İB qeyd edir ki, Birlik tərəfindən ölkənin yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, təbii qazın bərpası, qaz kəmərlərinin, avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür və qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi tədbirləri uğurla davam etdirilir. Ölkə üzrə qazlaşdırmanın region ölkələrinə nisbətdə dəfələrlə yüksək bir səviyyəyə çatdırılması Azərbaycanın şəksiz nailiyyətlərindən biridir.

    "Əhali sektorunun qazlaşması səviyyəsi təbii qazla təmin olunan abonentlərin sayının mövcud mənzil və fərdi evlərin sayına nisbətindən hesablanır. Əvvəllər bu göstərici mövcud mənzil və fərdi evlərin sayı barədə yerli icra hakimiyyəti orqanlarının 2007-ci ildə təqdim etdiyi rəsmi statistik məlumatlar əsasında müəyyən edilib, həmin göstərici baza məlumatı kimi götürülərək təbii qazla təmin olunmuş mənzil və fərdi evlərə nisbətdə ölkə ərazisi və bölgələr üzrə qazlaşma səviyyəsi hesablanıb. Aparılmış hesablamalara əsasən, 2008-ci ildə ölkə üzrə qazlaşma səviyyəsi 80%-ə yaxın olub, 2013-cü ilin sonuna isə ölkə üzrə qazlaşma (təbii qazla təmin olunma) səviyyəsi 89,8% (regionlarda 83,4%) təşkil edib", - deyə bəyanatda bildirilir.

    Qeyd olunur ki, 2014-cü ildə Prezident Administrasiyasının dəstəyi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə ölkə üzrə mövcud mənzil (təbii qazla təmin olunmayan MTK binaları istisna olmaqla) və fərdi evlərin sayının təkrar monitorinqi aparılıb. Xeyli vaxt tələb edən bu monitorinq nəticəsində ölkədəki dinamik sosial-iqtisadi inkişafla əlaqədar olaraq, 2007-2014-cü illər arasında mənzil və fərdi evlərin sayının sürətlə artması müəyyən edilib. Bununla bağlı olaraq baza göstəricisi yenilənib və həmin göstəriciyə uyğun olaraq qazlaşma səviyyəsi yenidən hesablanıb. Son illər “Azəriqaz” İB tərəfindən həyata keçirilən genişmiqyaslı kompleks tədbirlərin nəticəsidir ki, hazırda ölkə üzrə qazlaşma səviyyəsi 90%-ə, regionlarda isə 80%-ə çatıb. Dövlət başçısının SOCAR qarşısında qoyduğu tapşırığa əsasən, ölkədə əhali sektorunun qazlaşma səviyyəsinin daha da yüksəldilməsi nəzərdə tutulub.

    "Bu məqsədə çatmaq üçün 2015-ci ildə 430 yaşayış məntəqəsi, cari ilin ötən dövrü ərzində 77 yaşayış məntəqəsi qazlaşdırılıb. İstər ötən il, istərsə də bu il qazlaşdırılmış yaşayış məntəqələrinin bir qismində keçmiş SSRİ dövründə qaz olub, ancaq məlum səbəblərlə əlaqədar 1990-cı illərdə təbii qazın verilişi dayandırılıb. Bu məntəqələrdə köhnə xətlərin yararsız hala salınması, texniki-təhlükəsizlik qaydalarına və müasir dövrün tələblərinə cavab vermədiyi nəzərə alınaraq qaz şəbəkəsi tam şəkildə yenidən qurulub və təbii qazın verilişi tam yeni sistem üzrə təmin edilib".

    "Azəriqaz"dan bildirilib ki, hazırda ölkənin müxtəlif bölgələrində 193 yaşayış məntəqəsində qazlaşdırılma işləri aparılır. Qeyd olunub ki, qazlaşdırılma proqramının icrası nəticəsində 5 şəhərdə (Sumqayıt, Mingəçevir, Gəncə, Naftalan, Şirvan) və 6 rayonda (Abşeron, Biləsuvar, Hacıqabul, Füzuli, Balakən, Qazax) yaşayış məntəqələrinin qazlaşdıılması başa çatdırılıb: "Qazlaşdırılmış yaşayış məntəqələrində təbii qazla təmin olunmayan evlərin əksəriyyəti qazlaşdırılma işlərindən sonra salınmış yeni yaşayış massivlərində yerləşir. Təbii qazla təmin olunmuş yaşayış məntəqələrindəki genişlənən hissələrin qazlaşdırılması sahəsində də ötən illərdə xeyli iş görülüb. Buna misal kimi Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2011-2013-cü illər) çərçivəsində Bakıda və Abşeron rayonunda 43 yaşayış massivinin qazlaşdırılmasını qeyd etmək olar. Məlum olduğu kimi, qazlaşdırılma işləri ayrılan maliyyə vəsaitlərinə uyğun olaraq mərhələli şəkildə icra olunur. Qazlaşdırılmış yaşayış ərazilərinin sürətlə genişlənməsi, bəzi hallarda isə pərakəndə şəkildə salınması qazlaşdırılma işlərinin planlı sürətdə aparılmasını və ayrılmış maliyyə vəsaitindən səmərəli istifadə olunmasını xeyli çətinləşdirir". Qurumdan bildirilib ki, buna baxmayaraq, genişlənən hissələrdə əhalinin geniş təbəqələrinin təbii qaz təminatı məqsədi ilə mümkün olan bütün zəruri tədbirlər həyata keçirilir.

    Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Həmin tikinti təşkilatları “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydaları”nın, eləcə də qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun texniki-icra sənədlərini tərtib edir və tikinti-quraşdırma işlərini həyata keçirir. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən Qəbul Kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İB-yə təqdim оlunur və müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir.

    "Sonda bir daha qeyd edirik ki, Birlik tərəfindən dövlət proqramlarına uyğun olaraq qazlaşdırma işləri mərhələli və tam şəffaf şəkildə həyata keçirilir", - deyə "Azəriqaz"dan qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi