Dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar sosial izolyasiya tədbirlərinin davam etdiyi bir zamanda “Caspian European Club” yeni təşəbbüslə çıxış edib.
“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, adı çəkilən təşkilat onlayn biznes forumlar keçirir.
Bu forumlarda “Azəriqaz” İstehsalat Birliyinin Satış və istismar üzrə müavini Cahid Hüseynov və baş direktorunun Əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev də iştirak edirlər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, sənaye sahəsini təmsil edən dövlət qurumlarının və kommersiya şirkətlərin nümayəndələrinin iştirak etdiyi forumlarda müxtəlif fikir mübadilələri aparılır.
O da bildirilib ki, karantin rejimi dövründə də biznes ilə dialoqun inkişaf etdirilməsinə xüsusi diqqət ayrılmalı, özəl sektorun inkişafı, innovativ həllərin tətbiqi məsələləri daim gündəmdə saxlanılmalıdır.