“Azəriqaz”a 831 müraciət daxil olub

Energetika
  • 25 sentyabr, 2019
  • 08:52
“Azəriqaz”a 831 müraciət daxil olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri sentyabrın 2-dən 7 rayona 30 gün müddətinə ezam olunmaqla “ASAN səyyar” xidməti göstərirlər. Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Bildirlib ki, Birliyin mühəndisləri Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllıda “ASAN avtobus”, Qazaxda isə “ASAN qatar” vasitəsilə müraciətləri cavablandırırlar.

Son statistikaya görə, sentyabrın 2-dən yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, təbii qazın alqı-satqısı barədə müqavilənin bağlanması və digər xidmətlər üzrə 831 müraciətə baxılıb. Abonentləri daha çox 233 halda təbii qazın alqı-satqısı barədə müqaviləyə dair məsələlər maraqlandırıb.

Xatırladaq ki, Azərbaycan Respubliaksı Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İB-nin mühəndisləri də müvafiq qrafik üzrə bölgələrə ezam olunurlar.