“
Bunu "Report" açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.
"6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də təmir-bərpa işləri aparılaraq dayanıqlıq, etibarlıq və təhlükəsizlik artırılacaq. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə gerçəkləşəcək", - deyə o, qeyd edib.
"2018-ci ilin yayında baş verən qəza və nəticədə enerjisistemin çökməsinin bir daha təkrarlanmaması üçün əks-qəza avtomatikasının, rele mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin və şirkətlərin müasir texnologiyasına əsaslanaraq alınan avadanlıqlar işə qoşulur. 1, 3 və 6 saylı hidroaqreqatlarda bu işlər artıq başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub. 2, 4, və 5 saylı qurğularda bu işlər davam etdirilir.
Mingəçevir” SES-də olduğu kimi “Şəmkir” və “Yenikənd” Su Elektrik Stansiyalarında da eyni qurğular quraşdırılacaq. Bununla yanaşı hazırda “Şəmkir” SES-in 37 il əvvəl istifadəyə verilən və istismar müddətini bitirdiyindən təhlükəli vəziyyətdə olan su tullayıcı qurğusunda bərpa işləri aparılır", - T.Abdullayev əlavə edib.
Qeyd edək ki, 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib, beton qatları qırılıb. Qurğuda su sızmasının qarşısını almaq, uçmaq təhlükəsini aradan qaldırmaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanıb və təmirə başlanılıb.
“Şəmkir” SES-də təmir-bərpa işləri təkcə su tullayıcı qurğu ilə yekunlaşmayacaq və digər işlər də aparılacaq. Eyni zamanda planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorlarının təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SKADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.
Qeyd edək ki, su elektrik stansiyalarında işlərin fasiləsiz olaraq aparılıb, 2020-ci ildə başa çatdırılması planlaşdırılıb.