Bakı. 30 aprel. REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Türkiyəyə 1 130,76 mln. kubmetr həcmində qaz nəql olunub.
"Report" bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən xəbər verir.
Bu ilin iki ayında Azərbaycan qazının Türkiyəyə nəqli ötən ilin müvafiq dövründən 3% çox olub.
Bu həcmin 594,15 mln. kubmetri yanvar ayında, 536,61 mln. kubmetri isə fevral ayında ixrac edilib.
Yanvar ayında Türkiyənin Azərbaycandan qaz idxalı illik müqayisədə 0,64%, fevral ayında isə 6,02% artıb.
Yanvarda Türkiyənin ümumilikdə qaz idxalında Azərbaycan qazının payı 9,56%, fevral ayında 9,93% təşkil edib.
Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən, "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qazın 6,6 mlrd. kubmetri bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri ilə nəql olunur. Azərbaycan qazı "Mərhələ-1" layihəsi çərçivəsində Türkiyə bazarına 2007-ci ilin iyulunda daxil olub.