Azərbaycanda benzin və dizel yanacağının istehsalı artıb
- 15 noyabr, 2021
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 633,8 milyon manat təşkil edib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 16,3 % çoxdur.
Hesabat dövründə 1 029,6 min ton həcmində avtomobil benzini, 2 milyon 062,7 min ton dizel yanacağı, 42,9 min ton sürtkü yağları, 301,5 min ton neft bitumu istehsal edilib.
Belə ki, bu ilin 10 ayı ərzində Azərbaycanda avtomobil benzinin istehsalı 7,5 %, neft bitumunun istehsalı 0,6 %, dizel yanacağının istehsalı isə 21,8 %, sürtkü yağlarının istehsalı 65,6 % artıb.
Həmçinin, bu ilin 9 ayında ölkədə 342 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 403,6 min ton ağ neft, 34,7 min ton yanacaq mazutu, 219,8 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 33,7 % artıb, ağ neftin istehsalı 1,1%, yanacaq mazutunun istehsalı 27,4 % azalıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
Layihə çərçivəsində həyata keçirilən işlər nəticəsində artıq 2022-2023-ci illərdə Azərbaycanda "Euro 5" standartına cavab verən dizel və benzin yanacaqlarının istehsal olunması nəzərdə tutulur. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin başa çatdırılması planlaşdırılır.