Azərbaycan Xorvatiyaya neft ixracından qazancını 42 % artırıb
- 20 iyun, 2023
- 11:39
Bu ilin yanvar-may aylarında Azərbaycan Xorvatiyaya 180 min 679,36 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 110 milyon 952,22 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan Xorvatiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 98,9 %, dəyəri isə 42 % çoxdur.
Azərbaycandan Xorvatiyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 1,54 % olub.
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.
2023-cü ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.