Azərbaycan Türkiyəyə neft satışından qazancını 88 % artırıb
- 17 noyabr, 2022
- 09:53
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 525 min 894,68 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 331 milyon 291,15 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 10 ayı ilə müqayisədə 27,8 %, dəyəri isə 87,9 % çoxdur.
Azərbaycandan Türkiyəyə ixrac edilən xam neftin ümumi neft ixracında payı 2,32 % olub.
Xatırladaq ki. bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 22 milyon 682 min 798,25 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 17 milyard 179 milyon 696,55 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 46 milyard 299 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 34 milyard 711 milyon ABŞ dolları ixracın, 11 milyard 588 milyon ABŞ dolları isə idxalın payına düşüb.