2050-ci ilə qədər xalis "sıfır emissiya"ya çatmaq üçün 2030-cu ilə qədər bərpa olunan enerjiyə, texnologiyaya və infrastruktura ildə 4-6 milyon ABŞ dolları vəsaitin cəlb edilməsi nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.
"Azərbaycan "Dayanıqlı İnkişaf Məqsədləri-2030" gündəliyinə qoşulub. Ölkəmiz regionda ilk dəfə BMT-nin forumuna 3 könüllü milli hesabat təqdim edib. Həmin hesabatlar "yaşıl" artımı özündə əks etdirir, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi ilə bağlı öhdəliyi özündə əks etdirir", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, Azərbaycan Paris sazişinin milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinə əsasən, baza ili 1990-cı il olmaqla 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 % azaltmağı hədəf kimi götürüb və artıq bu öhdəliyi 40 %-ə çatdırıb: "İqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı mübarizə aparmaq və bu istiqamətdə texnologiyalara keçid böyük məbləğdə vəsait tələb edir"
Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisi inteqrə edilmiş maliyyə çərçivəsi müştərək proqramının icrasına başlayıb: "Bu proqram çərçivəsində investisiyaların ekosistemə müsbət təsirinin tədqiq edilməsi məqsədilə hesabatlar hazırlanıb, təqdim edilib. DİM-ə investisiya cəlb edilməsi üçün DİM İnvestisiya Xəritəsi layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi beynəlxalq və yerli investorlar üçün Azərbaycanda DİM-ə kapital yatıra biləcək yüksək potensiallı sahələri müəyyən etməkdir və bunun üçün tövsiyələr formalaşdırılıb".