Azərbaycan Rumıniyaya neft ixracını 12 %-dən çox artırıb
- 20 avqust, 2024
- 11:25
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Rumıniyaya 433 min 832,59 ton xam neft ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 269 milyon 181,65 min ABŞ dolları təşkil edib.
Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 %, dəyəri isə 15,2 % artırıb.
Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 2,96 % olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.