Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb

Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.
Energetika
25 Mart , 2022 17:59
Azərbaycan qazının IGB vasitəsilə Bolqarıstana nəqlinin tarixi açıqlanıb

Yunanıstandan Bolqarıstana təbii qaz nəqli üzrə çoxdan gözlənilən qaz kəməri iyunun sonunda hazır olacaq və sentyabr ayında istismara veriləcək.

“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kirill Petkov bildirib.

Onun sözlərinə görə, Yunanıstan-Bolqarıstan boru kəməri Bolqarıstanın daxili qaz istehlakında ən böyük paya malik olan Rusiya qazından asılılığını azaltmağa kömək edəcək.

Hazırda Bolqarıstan daxili qaz istehlakının demək olar hamısını Rusiyanın “Qazprom” şirkətindən idxal hesabına qarşılayır. Boru kəməri Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropanın son siyasətində əsas prioritet olan Rusiya qazından asılılığa son qoymaq üzrə bərpa olunan səylərə uyğun gəlir.

Öncədən 220 milyon avro dəyərindəki Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) 2020-ci ilə qədər başa çatdırılması planlaşdırılırdı, lakin layihə son illərdə bir sıra inzibati maneələrlə üzləşdi və nəticədə uzun müddət gecikmə oldu.

Bolqarıstanın Baş naziri Yunanıstanın Komotini şəhərində tikinti sahəsi ilə tanış olduqdan sonra “İyun bizim üçün çox vacib olan bu layihənin başa çatması üçün son tarix olacaq” deyib.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

O, həmçinin cənubdan şimala qaz tədarükü üçün Şaquli Qaz Dəhlizinin əsas olduğu regional infrastruktur layihələrindən də danışıb. “EastMed” boru kəməri bölgə ölkələrinə Kipr, İsrail və Şərqi Aralıq dənizindəki qaz yataqlarına çıxışı təmin edəcək.

Son xəbərlər

Orphus sistemi