Azərbaycan Portuqaliyaya neft ixracını 4 dəfəyə yaxın artırıb

Energetika
  • 21 iyun, 2024
  • 13:27
Azərbaycan Portuqaliyaya neft ixracını 4 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Portuqaliyaya 349 min 833,85 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 225 milyon 407,22 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Portuqaliyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,8 dəfə, dəyəri isə 3,6 dəfə çoxdur.

Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,54 % olub.

Hesabat dövründə Azərbaycan 9 milyon 869 min 672,49 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 5 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 6 milyard 258 milyon 631,31 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.