Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barel olub. Bunun 725 min barelini xam neft, 71 min barelini kondensat təşkil edib.
Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.
Gündəlik 599 min barel xam neft, 71 min barel kondensat, 7 min barel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi sentyabr ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək texniki komissiyasına təqdim edib.
Qeyd edək ki, gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barel, fevral ayında 806 min barel, mart ayında 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel, iyun ayında 792 min barel, iyul ayında 773 min barel, avqust ayında isə 774 min barel olub.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 2017-ci ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.