Azərbaycan neft məhsullarının ixracından qazancını 53 % artırıb
- 15 sentyabr, 2023
- 11:58
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 678 min 402,9 ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 403 milyon 952,46 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən neft məhsullarının həcmi 2022-ci ilin ilk 8 ayı ilə müqayisədə 64,3 %, dəyəri isə 52,9 % çoxdur.
Yanvar-avqust ayları ərzində neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,66 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb.