Azərbaycan neft emalı sahəsində Vyetnam ilə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan neft emalı sahəsində Vyetnam ilə əməkdaşlığı genişləndirmək istəyir Azərbaycan bir sıra sahələrdə, o cümlədən neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığını genişləndirmək istəyir.
Energetika
25 Noyabr , 2022 12:52
Azərbaycan neft emalı sahəsində Vyetnam ilə əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycan bir sıra sahələrdə, o cümlədən neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığını genişləndirmək istəyir.

"Report" xəbər verir ki, bununla bağlı müzakirələr energetika naziri Pərviz Şahbazovun Vyetnam Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının sədr müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.

Görüşdə Azərbaycan-Vyetnam arasında əməkdaşlıq münasibətlərinin inkişafı üçün digər sahələrlə yanaşı enerji sahəsində də əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində imkanlar müzakirə edilib. Eyni zamanda Azərbaycan və Vyetnamın İpək Yolu üzərində yerləşdiyi və mövcud beynəlxalq nəqliyyat infrastrukturunun, eləcə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin iki ölkə arasında iqtisadi-ticari, tranzit əlaqələrinin inkişafına təkan verə biləcəyi vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında münasibətlərin inkişafında "İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının mühüm rolu qeyd olunub, 2-ci iclasdan ötən dövr ərzində protokolun icrası üzrə mövcud vəziyyət, energetika sektorunda ikitərəfli əlaqələrin gələcək perspektivləri nəzərdən keçirilib, növbəti iclasının yaxın vaxtlarda keçirilməsi məsələsi müzakirə olunub.

Görüşdə həmçinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə böyük imkanlar yaradacağı qeyd edilib. Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin təməlinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu xatırlanıb.

Son xəbərlər

Orphus sistemi