Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.
“Report” xəbər verir ki, bu Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilir.
Hesabatda deyilir ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.
"Yaşıl hidrogen" siyasəti ilə əlaqədar olaraq isə 2060-cı ildə bu zona sıfır emissiya regionu olacaq.
Hesabata görə, bu sırada Azərbaycanla yanaşı Avstraliya, Şri-Lanka və Türkiyənin adı yer alıb.
Belə ki, Avstraliyanın potensialı 4 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı isə 70 qiqavatt olaraq müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan hökumətinin "Yaşıl enerji" ilə bağlı xüsusi strategiyası mövcuddur.
Bu siyasətə uyğun olaraq işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Həmçinin Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 MVT gücündə külək enerji parkı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti isə 230 MVT gücündə günəş elektrik stansiyası inşa edəcək.
Hər iki stansiyanın inşa işlərinin 2023-cü ilin ortalarında yekunlaşaraq istismara verilməsi gözlənilir.
Azərbaycanda dəniz küləyi ilə bağlı siyasət, o cümlədən hüquqi və tənzimləyici baza, infrastrukturu təmin edən və satınalmalara dəstək mexanizmi yoxdur.