Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 4 milyon 373 min 725,39 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 3 milyard 41 milyon 983,26 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin 4 ayın göstəriciləri ilə müqayisədə 20,4 % az, dəyəri isə 37,6 % çoxdur.
Azərbaycandan İtaliyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 46,1 % olub.
Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumilikdə 9 milyon 481 min 168,95 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 6 milyard 544 milyon 674,13 min ABŞ dolları təşkil edib.
Ötən 4 ayda xarici ticarət dövriyyəsinin 11,823 milyard ABŞ dolları ixracın, 4,041 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 85,8 % çox, idxal isə 14,5 % artıb.