Azərbaycan İsrailə neft satışı həcmlərini açıqlayıb
- 16 avqust, 2023
- 11:07
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İsrailə 1 milyon 354 min 226,01 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 822 milyon 483,44 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin 7 ayının göstəriciləri ilə müqayisədə 6,6 %, dəyəri isə 19,5 % azdır.
Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 8,71 % olub.
Hesabat dövründə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 15 milyon 540 min 323,64 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 9 milyard 444 milyon 800,48 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb.