Azərbaycan İrlandiyaya neft ixracını 5 dəfədən çox artırıb

Energetika
  • 21 iyun, 2023
  • 07:26
Azərbaycan İrlandiyaya neft ixracını 5 dəfədən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan İrlandiyaya 453 min 801,98 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 263 milyon 612,67 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan İrlandiyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin ilk 5 ayının göstəriciləri ilə müqayisədə 5,15 dəfə, dəyəri isə 5,26 dəfə çoxdur.

Azərbaycandan İrlandiyaya ixrac edilən "qara qızılın" ümumi neft ixracında payı 3,86 % olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 11 milyon 752 min 575,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 7 milyard 220 milyon 253,42 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin 5 ayında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb.