Azərbaycan qlobal enerji konfransında təmsil olunacaq
- 02 iyul, 2020
- 09:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rusiya Energetika nazirləri Pərviz Şahbazov ilə Aleksandr Novak Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Rusiyanın "Valday Müzakirələr Klubu" tərəfindən onlayn formatda keçirilən “Qlobal enerji və beynəlxalq enerji riskləri” adlı beynəlxalq konfransda iştirak edəcəklər.
“Report” “Valday Klubu"na istinadən xəbər verir ki, Azərbaycan – Rusiya enerji konfransı Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə "Valday Klubu"nun illik konfransında iştirak edərkən Rusiya, Filipinlər, Qazaxıstan, İordaniya liderləri ilə birgə plenum sessiyasındakı nitqinin məntiqi davamı olacaq.
İki gün davam edəcək konfransda iyulun 3-də həmçinin Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Energetika nazirinin müavini Samir Vəliyev, habelə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Energetika nazirinin müavini Pavel Sorokin nitq söyləyəcəklər. İkinci günü mətbuat üçün qapalı keçiriləcək konfransda Azərbaycan, Rusiya, Almaniya, Səudiyyə Ərəbistanından bütövlükdə 20-dən artıq rəsmi şəxs, politoloq, ekspert iştirak edəcəklər.
Həmçinin konfrans çərçivəsində "Valday Klubu" tərəfindən hazırlanan “Dünya energetika üçün siyasi risklər: sərvət millətçilikdən “azadlıq zərrələri” və iqlim silahlarınadək” adlı məruzə təqdim olunacaq. Klubun mətbuat xidmətindən bildiriblər ki, həm Azərbaycan, həm də Rusiya dünya bazarına enerji daşıyıcılarının mühüm tədarükçüləri olaraq bütövlükdə enerji sahəsinin məruz qaldığı siyasi risklərə də düçar olurlar: "Bunlar İran ətrafındakı vəziyyət, neft-qaz sektoruna qarşı sanksiyalar, ABŞ ilə Çin arasındakı gərginlik, boru kəmərlərinə və logistikaya qarşı təhlükələr, Yaxın Şərqdə və Körfəzdəki mövcud vəziyyət, keçmiş SSRİ ərazisindəki məhəlli münaqişələrdir. Rusiya və Azərbaycan lazım gəldikdə qarşıya çıxan risklərə birgə cavab vermələri üçün fikir mübadiləsi və müştərək ekspertiza aparmalıdırlar".