“Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) 7-8-ci bloklarının modernləşdirilməsi nəticəsində hər kVt/s-a düşən şərti yanacağın həcmi 100 qram azalacaq. Bu isə təxminən ildə 1 milyard kubmetr təbii qaza qənaət edilməsi deməkdir”.
Bunu “Report”a açıqlamasında energetik-alim Tahir Cəfərov ölkə prezidentinin "Elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında" sərəncamını şərh edərkən deyib.
Onun fikrincə, sərəncam ölkədə elektrik enerjisi istehsalında səmərəliliyin artırlmasına xidmət edəcək: “Azərbaycan” İES 1981-1986-cı illərdə tikilib, bir neçə dəfə əsaslı təmir edilib, hazırda texniki vəziyyəti qənaətbəxşdir. Lakin obyekt çox yanacaq istifadə etdiyi üçün burada müasir texnologiyaları tətbiq etməyin vaxtı çatıb. Hazırda İES-dəki avadanlıqlar kondensat tiplidir. Hazırda istismar edilən “Şimal”, “Sumqayıt” və “Cənub” ES-lər müasir tipli buxar-qaz güc qurğuları ilə təchiz edilib. Bu qurğuların faydalı iş əmsalı yüksək olmaqla yanacağa 30% qənaət edir. Belə ki, həmin stansiyalarda hər kVt/s-a 225 qram şərti yanacaq düşürsə “Azərbaycan” İES-də bu rəqəm 335 qrama bərabərdir".
T.Cəfərov deyir ki, dövlət başçısının imzaladığı sərəncamla İES-in 7-8-ci bloklarının müasir texnologiya əsasında yenidən qurulması tapşırığı verib: "Hazırda hər iki blokum gücü 600 MVt-dır. Amma onların gücünün 1 280 MVt və yaxud 3 dəfədən çox artıraraq 1880 MVt-a çatdırılması nəzərdə tutulur. Bunun üçün də 4 komplekt qaz turbinlərinin quraşdırılması planda var. Bu turbinlərdə işlənmiş qaz utilizasiya yolu ilə suyu buxara çevirir ki, bu da hər iki tsikildə elektrik enerjisi almağa imkan verir".
Alimin sözlərinə görə, modernləşdirmə hesabına qənaət ediləcək qaz Azərbaycana ixrac imkanlarını artırmağa, iqtisadi və siyasi dividentlər qazanmağa imkan verəcək: “Bildiyiniz kimi, tez-tez Avropa ölkələrindən Azərbaycana ixrac edilən qaz həcmlərinin artırılması üçün müraciətlər olur. Bu baxımdan “Azərbaycan” İES-də yanacağa qənaət edilməsi Azərbaycana qaz ixracını artırmağa kömək edəcək. Həm iqtisadi, həm də siyasi divident qazanacağıq.
Bunun başqa bir müsbət cəhəti də var. Belə ki, ölkəmizdə 800 MVt gücündə quraşdırılacaq günəş və külək elektrik stansiyalarının elektroenergetika sisteminə təhlükəsiz inteqrasiya imkanları yaranır. Gələcəkdə bu elektrik stansiyaları üzrə baş verəcək fasilələr bu yeni qurğu hesabına kompensasiya olunacaq. Layihənin icrasının başa çatdırılmasına gəlincə isə, son illər “Azərenerji” ASC-nin tikinti-quraşdırma işləri üzrə təcrübəsini nəzərə alaraq layihənin 3 ilə yekunlaşacağını demək olar”.
“Report”un əldə etdiyi məlumata görə, bu layihənin icrası üçün “Azərenerji” ASC 180 milyon ABŞ dolları həcmində kredit cəlb etmək istəyir.