Azərbaycan Hindistana satdığı neftin həcmini 6 dəfədən çox azaldıb
- 21 aprel, 2022
- 11:20
Bu ilin yanvar-mart aylarında Hindistan Azərbaycandan 136 min 966 ton xam neft idxal edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 90 milyon 152 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Hindistana ixrac olunmuş məhsulun həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 6,2 dəfə, dəyəri isə 3,84 dəfə azdır.
Azərbaycandan Hindistana ixrac edilən xam neftin ümumi ixracda payı 2,33 % olub. Hindistan idxal həcmlərinə görə Azərbaycandan xam neft idxal edən ölkələr sırasında 11-ci yerdədir. Ötən ilin eyni dövründə isə bu ölkə neft ixracı siyahısında ikinci yeri tutub.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumilikdə 5 milyon 887 min 523,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 680 milyon 031,85 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-mart aylarında ixrac olunmuş xam neftin həcmi 2021-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 16,4 % az, dəyəri isə 38,1 % çoxdur.